Xocalı soyqırımı Ermənistan, ermənilər tərəfindən Azərbaycan xalqına qarşı edilən ən dəhşətli soyqırımdır. Bu soyqırımın nə qədər vəhşiliklə edildiyini və nə qədər insaniyyətdənkənar
bir hadisə olduğunu biz gərək daim xalqımıza anladaq, bütün xalqlara anladaq. Bu faciəni heç vaxt unutmaq olmaz.
Heydər ƏLİYEV.
Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımlarından biridir. Bu vəhşilik insanlığa qara ləkədir. Xocalı faciəsi Azərbaycanın, Xocalının, Türk dünyasının qanlı faciəsidir. Bu faciə torpaq azarına tutulan ermənilərin Azərbaycan xalqına, bütün Türk dünyasına qənim kəsilən nadanlığı və vəhşiliyidir. Bu vəhşilik heç bir zaman Azərbaycan xalqının yaddaşından silinməyəcəkdir.
1993-cü ilə qədər Xocalı faciəsi başıpozuq rəhbərlərin ucbatından özünün həqiqi qiymətini ala bilməmişdi. Ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra “Xocalı soyqırımı” əsil qiymətini aldı. Bu isə onu sübut etdi ki, Heydər Əliyev Xocalı ağrıları ilə yaşayan dahi siyasətçidir.
Dünya siyasətinin yenilməz lideri Heydər Əliyev Xocalı faciəsini araşdırdı, ildönümləri, mərasimləri lazımi qaydada yerinə yetirmək üçün hazırlıq komissiyaları yaradıldı və lazımınca qeyd olundu. Qarabağ müharibəsində qəhrəmanlıq göstərən xocalılar aydınlaşdırıldı, günahkarlar müəyyən edildi.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Xocalı soyqırımının üçüncü ildönümü münasibətilə Azərbaycan xalqına müraciət etdi:
– Əziz həmvətənlərim!
Xalqımızın milli müstəqillik uğrunda mübarizə tarixində ən qanlı səhifələrdən biri olan Xocalı faciəsindən üç il keçir. Xaricdəki imperialist qüvvələrin dəstəyi ilə törədilən bu soyqırımı erməni qəsbkarlarının müstəqil Azərbaycan dövlətinə qarşı yeritdiyi məqsədyönlü təcavüz planının ən amansız həlqəsi, misli görünməmiş vəhşilik aktı, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş cinayət kimi XX əsrin tarixinə daxil olmuşdur. Günahsız dinc əhaliyə tutulmuş amansız divan, ağılasığmaz qəddarlıq, erməni irticasının və onun xaricdəki havadarlarının iç üzünü beynəlxalq ictimaiyyət qarşısında bütün çılpaqlığı ilə açıqladı.
Bu ağır faciənin baş verməsinə respublikanın daxilində gedən hakimiyyət davaları da əlverişli zəmin yaratmışdı. O zamankı iqtidarın siyasi səbatsızlığı, ümummilli mənafelərə zidd mövqeləri Xocalı faciəsinin törədilməsində az rol oynamamışdır.
Milli varlığımıza və istiqlaliyyət uğrunda dönməz mübarizəmizə qarşı yönəldilmiş belə məqsədyönlü cinayətlər nə qədər amansız olsa da, xalqımızın mübarizə əzmini qıra bilməmiş, onun mətin iradəsini sarsıtmamışdır.
Bu milli hüzn günündə də Azərbaycan xalqını öz iradə və əzmini qoruyub saxlamağa, milli dövlətçiliyimiz və tam müstəqilliyimiz uğrunda gələcək mübarizələrə səfərbər olmağa çağırıram. Bunu bizdən şəhidlərimizin müqəddəs ruhları tələb edir.
Xocalı faciəsinin günahsız qurbanlarının müqəddəs ruhu qarşısında bir daha baş əyir, xalqımıza başsağlığı verirəm.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.